Onlara keyfiyyəti ver.Bu reklamın ən gözəl tərəfidir-Milton Hershey
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məhşur reklamçılar

Raymond Rubikam – ömür tarixçəşi19 Oktyabr, 2015

Raymond Rubikam – ömür tarixçəşi

İlk dəfə 15 yaşında işə düzələn Raymond Rubikam, artıq 31 yaşında özəl reklam agentliyini açdı. Gərgin zəhmət və özünə olan sarsılmaz inam, yoxsul amerikalı ailəsindən çıxan bu  oğlana ölkənin, sonra isə bütün dünyanın ən yaxşı kreatorları (yaradıcı şəxs) üçün cazibə mərkəzinə çevrilən bir şirkət yaratmağa kömək etdi.

Raymond Rubikamın həyatı sanki, işgüzar jurnalın “Uğurun tarıxçəsi” rubrikasına nümunə kimi düşmək məqsədilə qurulmuşdu. Onun ömürlük olaraq, yerli qəzetdə az ödənişli reportyor qalması üçün bir çox obyektiv əsasları var idi, əvəzində isə o, reklam dünyasında ehtirama layiq şəxslərdən biri oldu. Onun heç bir iş görməyib, geri çəkilməsi üçün xeyli obyektiv səbəbləri var  idi, bunun əvəzində o, özündən sonra iri reklam agentliyini miras qoydu. Yəqin, Endrü Karnegi və Napoleon Hill deyəndə ki, məqsədyönlülük, zəhmətsevərlik və inam xarüqələr yaradır, onlar yanılmırdılar.       

Rubikamın uşaqlığı

16 iyun 1882 - ci ildə anadan olan Raymond Rubikam, ailədə səkkiz uşaqdan ən kiçiyi idi.  Onun atası

alman - lüteran, anası isə fransız - qugenot idi. Babasının ölümündən sonra, ailənin maliyyə vəziyyəti pisləşdiyindən, oğlanın atası biznes - jurnalist kimi çalışmağa məcbur oldu. Onun şairə xanımı, Raymondun anası Godey”s Lady”s Booka yazırdı. Buna baxmayaraq, pul yenə də çatmırdı. Sonra, Rubikamlar ailəsi yeni zərbə ilə qarşılaşdı:  Raymond beş yaşında olanda, atası vərəm xəstəliyindən vəfat etdi.

Əsas qazanc gətirənin ölümündən sonra, ailə bütün Amerika üzrə səpələnmiş hala düşdü. Raymond özü bir müddət bacısı ilə Ohayoda, daha sonra qardaşı ilə Texasda yaşadı. Lakin, uşaqlığının böyük bir hissəsini o, digər qardaşı Harri ilə Denverdə keçirdi. Əlbəttə, belə həyat tərzi Raymondun dərsə davamiyyətinə təsir göstərməyə bilməzdi. O, məktəbə ancaq  vaxtaşırı gedə bilirdi. Raymond səkkiz yaşından ən müxtəlif işlərlə məşğul olaraq, ailəsinə kömək edirdi. 15 yaşında isə o, bütöv iş günü yük daşımaları üzrə ixtisaslaşan, az tanınmış şirkətə klerkin (ofis xidmətçisi) köməkçisi işinə düzəldiyi üçün məktəbi ümumiyyətlə atdı.

Beləcə, Raymond həftədə $5 qazanmağa başladı. Sonrakı səkkiz ildə kiçik Rubikam xeyli sayda ixtisas əldə edib və dəyişməyə macal tapdı: O, teatrda bilet satan, kuryer, fəhlə, mal - qara daşımalarında nəzarətçi, hətta, ailə portretlərinin  böyüdülmüş rəngli reproduksiyalarını təklif edən kommivoyajor (agent) kimi də fəaliyyət  göstərdi. Elə bu dövrdə yazıçılıq ideyası Raymondu özünə cəlb etdi. Özünü təqlid etməyə

çalışdığı sadə insanların həyatı haqda qısa hekayələr yazan O”Henri onun üçün nümunə oldu. Həyatı daha yaxşı anlamaqdan ötrü kiçik Rubikam hətta bütün Amerika üzrə səyahətə də çıxdı.

Ən qiymətli hədiyyə

On səkkiz yaşı olanda Raymond Filadelfiyaya, çətin tanıdığı vətəninə döndü. Gənc yerli institutda hüquq elmi üzrə təhsil almaq istəyirdi. Lakin, belə dəbdəbə üçün aydındır ki, onun pulu yox idi. Philadelphia İnquirer qəzetinə müxbir vəzifəsinə düzələnə qədər, Raymond bir müddət yerli qəzetlərin kandarını döydü (mətbu sözə bağlılıq yəqin ona ana südü ilə keçmişdi). Əlbəttə, on səkkiz yaşlı jurnalist  Rubikama, klerkin köməkçisi olmuş on beş yaşlı Rubikamdan bir qədər çox - həftədə $12 ödənilirdi.

Raymond öz işi ilə yanaşı, şəxsi yazıçılıq istedadının inkişafına da vaxt ayırırdı. O”Henriyə maraq təsirsiz ötüşmədiyindən, onun qələm nümunələri üslub və ideya baxımından ustadın  işlərinə çox bənzəyirdi. Raymond öz şəxsi fikrinə görə ən yaxşı hesab etdiyi iki hekayəsini o illərin tanınmış yazıçısı olan Quverner Morrisə göndərdi. O, Rubikama uydurmalara az diqqət ayırmağı və lazımi səriştəyə yiyələnədək daha çox non - fikşn sənədli janrında yazmağı tövsiyə etdi. Müəllim və tələbə arasında yazışma təxminən bir ilə qədər davam etdi, amma nəticədə Raymondun heç bir əsəri çap olunmadı. Sonralar, Raymond Morrisin köməkliyini “hər hansı insanın tanımadığı birisinə elədiyi ən qiymətli hədiyyə” adlandıracaqdı.

Rubikam 23 yaşı olanda anladı ki, $12 əmək haqqı təkcə onun təhsilinə deyil, həm də  qurmağa hazırlaşdığı ailəsini də saxlamağa bəs etməyəcək. O, bir çox gənclərə tanış olan  dilemma ilə üzləşdi: ya maraq, yada ki, pul naminə işləməli. Əlbəttə ki, ikinci qalib gəldi. Qısı bir zamanda Raymond avtomobil satışı ilə məşğul olan şirkətə düzəldi. Avtomobil satışı onda yaxşı alınsa da, bu iş qətiyyən ürəyinə yatmırdı.

Bunula belə, Rubikamın vəzifəsi müxtəlif sahələrdə, o cümlədən reklam üzrə çalışan konragentlərlə əlaqələri təxmin edirdi. Ancaq bu zaman o, ilk dəfə olaraq dumanlı şəkildə hiss etdi ki, bütün həyatını həsr edə biləcəyi işi tapıb.

Recina Makkloski ilə toy etdikdən sonra, artıq özünün və ailənin taleyi haqda düşünmək lazım  idi. (Recina ilə nigah Rubikamın həyatında sonuncu olmadı. 1939 - cu ildə xanımı ilə ayrılan Rubikamın bu evlilikdən üç qızı qaldı. 16 sentyabr 1940 - cı ildə o, ikinci dəfə - American Opera Company-də çıxış edən opera müğənnisi Bettine Holla ailə qurur. İkinci nigahdan  Rubikamın daha iki uşağı - oğlu və qızı olur.) 1916 - cı ilin oktyabrında Raymond F. Wallis Armstrong reklam agentliyində kopirayter  vəzifəsinə təklif alır ( bundan bir qədər əvvəl o, tütün  və avtomobil şirkətləri üçün iki  uğurlu reklam layihəsi işləyib hazırlayır).

İlk təcrübə

Alınan təklifə baxmayaraq, F. Wallis Armstrong şirkətinin ştatına yol tikanlı olur. Rubikam doqquz gün ardıcıl şirkətin qəbul otağında oturaraq, nəyə görəsə gənc kopirayterə ciddi - cəhdlə etinasız yanaşan Uolles Armstronqun özünün qəbulunu gözləyir. Doqquzuncu günün sonunda Rubikam dözməyərək, mümkün əməkdaşlarla münasibətlərin belə təcrübəsi haqda düşündüklərini şirkətin başçısına yazılı surətdə bəyan edir. Bu dəfə reaksiya gəlir - özü də necə! Sonralar Raymond xatırlayırdı ki, onun bu məktubundan sarsılan Armstronq, pörtmüş halda qəbul otağına daxil olaraq, dəyərli fikir söylədi: “Sənin reklamların heç nəyə yaramır, ancaq, məktubunda nəsə var!”. Rubikam işə qəbul edilir. Lakin, bu işin gənc üçün o qədər də romantic olmaması başqa söhbətin mövzusudur. Reklamçı sənətinin təsir gücünün Rubikamın gözündən düşməsində cənab Armstronqun az rolu olmadı. Şahidlərin fikrincə, o, “mən rəisəm – sən axmaq” prinsipi ilə işləyən sarsaq rəhbərin klassik nümunəsi idi. Onun tabeliyində çalışanların telefonla şəxsi işləri barədə danışmağa, öz tanışlarını işə dəvət etməyə, hətta, bir - biri ilə nahar etməyə belə ixtiyarları yox idi. Armstronqa üç illik xidmətdən sonra, Raymond özü üçün yeganə, lakin, çox vacib dərs alır: yaxşı reklam agentliyi elə bir agentlikdir ki, “orada hər şey onun keçmiş rəhbərində olduğu kimi qurulub, amma bütün dəqiqliyi ilə tərsinə”.

Ölümsüzlərin aləti

1919 - cu ilin sonlarında Rubikam Filadelfiyanın ən yaxşı reklam agentliklərindən olan N.W. Ayer & Sona gəldi. Bu onun üçün əsaslı karyera yüksəlişi olmasa da, şikayətlənmək günah idi - yeni iş yerində hökm sürən ab - hava F. Wallis Armstrongdan kəskin şəkildə fərqlənirdi. Əlbəttə, yaxşı mənada. N. W. Ayer & Sonun başçısı Rubikamın əvvəlki rəhbəri kimi, xüsusi demokratikliyi ilə seçilməsə də, öz əməkdaşlarını rahat həyat şəraiti ilə təmin etməyə çalışırdı. Xeyirxah işçi ab - hava, Raymondun o dövrdə Amerikanın nüfuzlu və tanınmış reklam agentliklərindən biri olan J.Walter Thompsona keçidinin mümkünsüzlüyündən yaranan məyusluğunu aradan qaldırdı.

Reklamçı Rubikamın həqiqətən ilk nəzərəçarpan uğuru, Steinway musiqi alətlərinin bazarda irəliləyişi konsepsiyası oldu. Onlar üçün “Ölümsüzlərin aləti” şüarı ilə reklam kampaniyası işlənib hazırlandı.  Bu kampaniya çərçivəsində insanlara bir çox dahi musiqiçilərin məhz Steinwayın məhsullarından istifadə etmələri göstərilirdi. Artıq, 1920 - ci ildə şirkətin reklam büdcəsi yarım milyon dollar təşkil etmiş, işləri xeyli yaxşılaşmışdı. Sonralar dahi insanların obrazlarından imtina edilərək, onların gözəl pianoçu qadınlarla əvəzlənməsinə qərar verildi.

1922 - ci ildə Ueylend Ayer vəfat etdikdən sonra, ögey oğlu agentliyin idarəçiliyini öz üzərinə götürür. Rubikamın demək olar ki, dərhal yeni rəhbərlə münaqışələri başlayır. Bir ildən sonra, bu münaqişələr Raymondun və daha bir parlaq reklamçı olan Corc Sesilin qanunauyğun istefası ilə nəticələnir.Rubikamın N.W. Ayer & Sondakı son layihəsi Skrantondakı University of the Night qiyabi universitetinin reklam kampaniyası olur.

Özəl iş

23 may 1923 - cü ildə Raymond Rubikam dostu və həmkarı Con Orr Yanqla Filadelfiyadakı Atlantic Building göydələnində Young & Rubicamın ilk ofisini açırlar. Agentliyin açılışı anında tərəfdaşların kapitalı $5000 təşkil edirdi.

Young & Rubicamın ilk müştərisi izolyasiya edilmiş elektrik məftillərini istehsal edən Presto Quick Tip Shoelaces şirkəti oldu. Demək olmaz ki, yeni agentliyin reklam məhsullarının səviyyəsi, o zamanlar bazarda fəaliyyət göstərən şirkətlərinkindən əsaslı surətdə fərqlənirdi. Onların ümumi problemi kifayət qədər istedadla yazılmış mətnlərin fonunda miskin poliqrafik - illüstrativ tərtibat idi. Tanınmış art - direktor Von Flenneri Young & Rubicama gəldikdən sonra, vəziyyəti düzəltmək mümkün oldu.

1923 - cü ilin sonlarında Young & Rubicama ilk iri müştəri - 1929 - cu ildə adı dəyişdirilərək General Foods olmuş Postum şirkəti müraciət etdi. Deyilənlərə görə, Postumun reklamçılarla əlaqələrə məsul olan meneceri Rubikamdan hansı məhsulun reklam kampaniyasını təşkil etmək istərdi, soruşduqda, o, ən problemlisini deyə cavab vermişdi. Postumun istehsal etdiyi müxtəlif çeçidli məhsullar arasında belələri yetərincə olduğundan, Raymonda Postum kofeli içkisi həvalə olundu. Rubikam qarşısına qoyulmuş vəzifənin öhdəsindən layiqincə gəldi. Onun düşündüyü irəliləyiş konsepsiyası 1926 - cı ildə Harvard Award mükafatı qazandı.

Elə həmin 1926 - cı ildə Young & Rubicamın mənzil - qərargahı Filadelfiyadan Nyu - Yorka köcürüldü. Bunun bir neçə səbəbi var idi. Birincisi, Nyu - York ABŞ - ın maliyyə və işgüzar paytaxtıdır. İkincisi, Young & Rubicamın bir çox müştərilərinin məqsədli auditoriyaları məhz bu şəhərdə cəmləşmişdi. Və nəhayət üçüncüsü, Postumun nümayəndələri bildirdilər ki, əgər baş ofis Nyu - Yorkda yerləşərsə, o halda istehsal etdikləri daha bir neçə məhsulun reklam  büdcəsini agentliyə verəcəklər ( artıq həmin dövrdə Postumdan əlavə Grape Nuts  brendi də Young & Rubicamın icraatında idi).

Nyu - Yorkda Raymond və Con Medison Avenyu 285 ünvanında yerləşən hündür binanın 9 - cu mərtəbəsində yerləşdilər. Bu gün həmin bina bütünlüklə Young & Rubicama məxsusdur - ən azı 80 il ərzində agentliyin baş ofisi başqa heç bir ünvana köçməyib.

Yaradıcılıq mühitində

  Young & Rubicamı həmişə şöhrətləndirən, onun ofislərindəki sərbəstlik mühiti idi. Ora yaradıcı insanları maqnit kimi özünə cəlb edirdi. Bu da təsadüfi deyildi: Raymond Rubikam əməkdaşlarının şəxsi ləyaqət hissinə həssaslıqla yanaşır və şöbə müdirlərinə tabeliklərində  olanların səhvlərini düzəltməyi qəti qadağan etmişdi. Onun fikrincə, dərəcəsindən asılı  olmayaraq hər bir əməkdaş, əldə edilən son nəticədən tam mənası ilə zövq almaq üçün, müstəqil surətdə öz səhvini düzəltməlidir. O, düşünməməlidir ki, bu nəticənin yarısı onun müdirinin xidmətidir. İşçilərin yüksək yaradıcılıq qabiliyyəti Young & Rubicama qısa müddət ərzində Heinz və Borden şirkətlərinin, eləcə də Postum/General Foodsun (Callumet, Jell - O, Sanka) bir sıra brendlərinin reklam büdcələrini almağa kömək etdi.

 

  1931 - ci ildə Young & Rubicam agentliyi Çikaqoda filialını açdı. 1932 - ci ildə isə Raymond Corc Gellapı tədqiqat bölməsinin rəhbəri qismində işə götürdü. Əvvəllər reklam agentliklərində daxili tədqiqat bölmələri ümumiyyətlə olmadığından, bu görünməmiş bir addım idi. İki ildən  sonra, 1934 - cü ildə Con Yanqın xəstəliyi ilə əlaqədar Young & Rubicamı tərk etməsi nəticəsində, Rubikamın çoxdan qəbul edilmiş de - fakto liderliyi, de - yure təsdiqini tapdı.

  İqtisadi tənəzzül dövrünü Rubikamın şirkəti, xidmət sahəsində ixtisaslaşan bir çox digər şirkətlər kimi ağır keçirdi. Ancaq, şirkət ayaqda qalmağı bacardı. Ehtimal ki, stress ona İkinci Dünya Müharıbəsindən sonra sürətli inkişafını təmin edən müəyyən enerji ehtiyatı vermişdi. Məlumdur ki, Amerika iqtisadıyyatı o dövrdə yüksəlişdə idi və bu reklam agentliklərinin gəlirlərində özünü müsbət şəkildə büruzə verirdi.

  Rubikam 1944 - cü ildə, 52 yaşında yaratdığı şirkətdən getdi. O, Arizonaya köçdü, fəaliyyət sahəsini yenidən dəyişərək, Campbell Soup şirkətində rielter əməliyyatları ilə məşğul olmağa başladı.

 

  Bununla belə, Young & Rubicam 1950 - ci ildə, dünyada ilk dəfə rəngli reklam çarxı, həmçinin gizli kamera ilə çəkilmiş ilk reklam çarxı buraxaraq, yenidən inqilab etdi.

  Sonrakı 20 il xeyli dərəcədə rəqib şirkətləri ardıcıl olaraq özünə birləşdirmək hesabına agentlik üçün ekstensiv inkişaf dövrü oldu. Belə ki, Young & Rubicam 1973 - cü ildə Wunderman Ricotta & Kline (direkt - marketinq), 1976 - cı ildə Cato Johnson (satış promouşn), 1979 - cu ildə isə Burson - Marsteller (ictimaiyyətlə əlaqələr) şirkətlərini əldə etdi.

  Lakin, 1990 - cı illərin əvvəllərində Young & Rubicam üçün yüngül qazanc əldə etmək zamanı sona yetdi. Şirkəti Yamaykadakı istirahətin tanıtımı proqramı çərçivəsində yer alan korrupsiyada ittiham etdilər. Eyni zamanda, Young & Rubicamın Yaponiyanın Dentsu və Fransanın Eurocom şirkətləri ilə tərəfdaşlıqla bağlı planları baş tutmasına macal tapmadan alt - üst oldu. Sənaye  isə yerində durmayaraq inkişaf edir və onda birləşməyə doğru meyllilik ozünü aydın şəkildə göstərirdi.

 

  1995 - ci ildə Young & Rubicam biznes coğrafiyasını genişləndirərək, Afrika, Asiya, Avropa və Latın Amerikasında əməliyyatlara başladı. Həmin illərdə dünyanın ən iri parfümeriya  qruplarından biri olan Colgate - Palmolive öz reklam büdcəsini cəmləşdirərək, onu Young & Rubicamın idarəçiliyinə verdi.

 

  İPO - ya bir il qalmış, 1997 - ci ildə Hellman & Freidman Young & Rubicamın ilk xarici sərmayəçisi (investor) oldu.  Təxminən elə həmin dövrdə agentliyə dünyanın nəhəng bankı olan Citibanka reklam xidmətləri göstərmək üzrə  qlobal müqaviləni udmaq nəsib oldu. Citigroup - a əvvəllər xidmət etmiş və eyni zamanda WPP Groupa daxil olan agentlik,  hadisələrin belə dönüşündən pərt vəziyyətdə qaldı. 1998 - ci ildə Young & Rubicam birjaya çıxarıldı. Daha iki ildən sonra, agentlik həmin WPP qrupu tərəfindən rekord qiymətə - $4,7 mlrd. alındı. Müstəqillik statusunun itirilməsi KFC, United Airlines və Burger King kimi bir neçə iri müştərinin agentliklə əməkdaşlığına son qoydu. Bundan başqa, Young & Rubicamın  satışından sonra, onun idarəetmə heyəti xeyli dərəcədə yeniləndi. Belə ki, 2003 - cü ildə  şirkətin keçmiş prezidenti və direktorlar şurasının sədri Maykl Dolanın qalmaqalla müşayiət olunan istefasından sonra (birləşmədən sonra təyin edilən), onun vəzifələrini Enn Fyuc   tutdu.

  Əməksevərlik, öz gücünə dərin inam və əlbəttə ki, əlahiddə yaradıcı və işgüzar qabiliyyət - Raymond Rubikamın uğurunun “sadə” tarixçəsi belədir.

Sergey Kolesov

Baxışların sayı: 472