Siz yeni qaydalar deyil yeni fikirlər icad etmək istəyirsiniz - Dan Heath
1 USD = 1.7001 AZN
1 EUR = 2.0087 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Bizim reklam sahəsində inkişafımıza SSRİ amili mənfi təsir göstərib.02 Oktyabr, 2017

Əliheydər müəllim, sizcə irfan, şərqin mütəvaze siması, gördüyü işi gizlin tutma, imzadan imtina edərək vahidə xidmət kimi təməl dəyərlər Şərq ölkələrində, o cümlədən Azərbaycanda reklam, tanıtım, təbliğat məsələlərinə mənfi təsir göstərir?

Mən düşünmürəm bu şərqlilikdən irəli gələn bir məqamdır. Reklam bir az konkret məsələdir, bəyan etməkdir, bir kommunikasiya növüdür.
Şərqdə meydanlarda carçılar olub, car çəkiblər, bəyan ediblər.
Həm də Şərqdə ticarət qədim ənənədir. Ticarət olan yerdə onun təbliğatını, yəni reklam da zəruri olur. Ticarətin düsturu reklam üzərindədir. Kitab da, qəzet də, şeir də məhsuldur və bunların belə reklama ehtiyacı var.
Bizim reklam sahəsində inkişafımıza şərqliliyimizdən daha çox SSRİ amili mənfi təsir göstərib.

SSRİ reklamı sevmirdimi?

Sovet qapalı ölkə idi. Burada reklam anlayışı demək olar ki, yox idi. Yəni konkret, detal olaraq məhsulların reklamından ümumiyyətlə söhbət gedə bilməzdi. Ehtiyac belə yox idi. Bizim təbliğat sahəsindəki bayağı davranışlarımız Sovetin təsirindən yaranıb. Sovet hakimiyyəti yaranana qədər Azərbaycandakı reklamın səviyyəsi o dönəmin Fransasındakı reklam səhəsinin göstəricilərindən aşağı olmayıb. Hansı ki, bu gün Fransa dünyanın ən inkişaf etmiş ölkələrindəndir. 

Bu SSRİ-dən əvvəl Rusiyanın da analoji sahəsinin zəif inkişaf etmiş olması deməkdir?

Birbaşa. Çünki Sovet İttifaqının bütün ənənələri nə Azırbaycanın, nə Şərqin, nə də birbaşa Qərbin qənaətləri deyil, Rusiyanın mentalitetinə uyğun idi. 
Mən bir faktı deyim; 1812-ci il müharibəsində Napoleonun qoşunu Rusiya ərazisinə daxil olanda qəribə bir mənzərə ilə qarşılaşıb. Demək, o zaman Fransız qoşunlarının əsgərləri maaş alırmış və onlar hansısa ölkədə müharibə aparsalar, özlərilə ərzaq götürmür, sivil qaydada həmin ölkənin bazarından, yeməkxanasından öz pulları ilə yemək alırlarmış. Qayda bu imiş. 
Napoleonun əsgərləri Rusiyada yerli əhalidən soruşur ki, burada yeməkxana, dükan haradadı? Əhali deyibmiş ki, “nə dükan?”.
XIX əsrin əvvəllərində hələ Rusiyada dükan yox imiş. O da qaldı həmin dükanda satılan hansısa məhsulun reklamı. Tarix üçün bu heçnədir, cəmi 200 il... 
Bazar yerini soruşanda isə, əhali məlumat verib ki, burda yalnız ildə iki dəfə “Yarmarka”lar olur, məhsulları dəyişirlər.
Görün ki, Fransa Moskvanı tutmağa gəlmişdi, həmin Moskvanı ki, paytaxtdır və o zaman bu şəhərdə vəziyyət belə olub.
İldə cəmi iki dəfə “Yarmarka” keçirən bir ölkədə yüzcə il sonra qurduğu bir imperiyada hansı açıqlıqdan, təbliğatdan söhbət gedə bilər? 
Fransız əsgərləri ciblərində qızılları, pulları ola-ola Rusiyada o zaman acından ölürlərmiş.
Ona görə də, yenə deyirəm, bizim reklam sahəmizdəki problemlər şərqliliyimizdən deyil, SSRİ-nin ənənələrindəndir. Şərqdə əksinə, ticari açıq-saçıqlıq olub, ticarət şərqli üçün halal sayılıb. Bizim peyğəmbərlərimiz belə tacir olub. 
Biz 20 il əvvəl SSRİ-nin dediyim bu neqativ təsirini daha aydın görürdüksə, bu gün az görürük, amma təsir hələ də qalmaqdadır.

Bu gün analoji sahədə daha çox hansı problemlər görünür?

Bu gün reklamdan daha artıq marketinq problemlərimiz qabarıq diqqət çəkir. Pis, yaxşı reklam anlayışı formalaşıb. Amma reklamdan hansı məqamda, necə istifadə etmək lazımdır, bu məqamda ciddi problemlərimiz var. Məsələn, yaxın günlərdə bizə bir müraciət olmuşdu. Bazara daxil olmaq istəyən bir məhsul var idi, bu məhsulun reklam çarxı çəkilmişdi. Onu da deyim ki, çarx da normal idi. Televiziyalarda nümayiş də edilmişdi. Ancaq onun nümayişini nə biz görmüşük, nə də o məhsulu bazarda satacaq tərəf. Yəni təqdim olunan məhsul televiziya seyirciləri seqmentinə daxil deyildir. 
Demək bu məhsul üçün reklam çarxı çəkilməli deyildi. Bu məhsulun reklamı üçün digər vasitələrdən istifadə olunmalı idi. Bu artıq peşəkarlığın olmamasından irəli gəlir. Digər bir problem kommunikasiya ilə bağlıdır. Məsələn, əvvəllər dövlət televiziyasında məhsul reklam etmək daha asan idi. İndi artıq bu problemə çevrilib. Reklamda kommunikasiya məsələsi sistemli şəkildə təşkil olunmalıdır. Bu fərdlərin probleminə çevrilməli deyil. 
Əsas problem olan məsələ isə demək olar ki, həllini tapmaqdadır, artıq biz qəbul etmişik ki, Azərbaycan bazar iqtisadiyyatına, kapitalist münasibətlərə uyğun formalaşmış bir ölkədir. 

Təbliğat, reklam məsələsi göründüyü kimi konkret sahə deyil. Yəqin ki, bu məsələyə birmənalı qiymət vermək də düzgün olmaz.

Təbii ki. Təbliğat deyiləndə təkcə məhsul reklamı nəzərdə tutulmalı deyil. Təbliğata ideyanın, məhsulun, dövlətin, siyasətin, təhsilin və digər nəsnələrin təbliğatı daxildir. Məsələn, Azərbaycan məhfumunun təbliğatı var...Türkiyə dövlətinin təbliğatı ilə məşğul olan ayrıca bir qurum var. Bu təbliğata külli pul ayrılır və Türkiyə dünyada təbliğ edilir. 
Bizdə Azərbaycanın xaricdə təbliğatı ilə məşğul olan konkret qurum yoxdur. Diaspor fəaliyyəti öz yerində, amma bu işi görəcək xüsusi qurum hələki yoxdur. Misal üçün, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan haqqında bir materialın “Euronews” kanalında yayımlanmasını təşkil edir. Bu nazirliyin turist cəlb etmək və nazirliyin öz fəaliyyətinə daxil olan bir addımdır. Bu nazirliyin marağına, fəaliyyətinə hesablanıb. Ümumiyyətlə qeyd elədiyim qurum MDB ölkələrinin demək olar ki, heç birində yoxdur. Heç belə bir anlayış formalaşmayıb bu ölkələrdə. 
Bəzən millət vəkilləri deyirlər ki, “getdik, filan ölkədə Azərbaycan haqqında həqiqətləri dedik, gəldik”. Soruşmaq lazımdır, kimə dediniz, hansı həqiqətləri dediniz, necə dediniz, bu onlara lazım idimi, onlar bundan təsirləndimi, addımınız effekt verdimi?
Belə məsələlər sistemli və peşəkar səviyyədə qurulmalıdır. 
Məsələn, 2006-cı ildə ABŞ-da Azərbaycan adını çəkəndə sadə adamlar üzümüzə baxırdı. Tanımırdılar ölkəmizi. Biz onlara ölkəmizin coğrafiyasını belə tanıtmalı olurduq: “Rusiya və İranın arasında...” 
Ondan sonra ölkəmizin yerini bilirdilər. Bunun obyektiv səbəbi də var ki, biz cavan ölkəyik. 26 illik müstəqliiyimiz var. Dediyim problem də artıq il-ildən həllini tapmaqdadı.

Əliheydər müəllim, təxminən 50 il əvvəl Nazim Hikmət Bakıdakı çıxışında biz azərbaycanlılara xitabən deyirdi: “Zatən, sizin diliniz dünyanın ən gözəl dillərindəndir. Bu dildə nə oxusan, şeir kimi səslənir”. Qısa bir zaman keçdi, Türkiyə söz oyunları, sloqanlar vasitəsilə təbliğat, reklam sahəsində dünya liderinə çevrilməkdədir. Bizdə reklam sahəsinə sırf kreativlik, yaradıcılıq yönündən nəzər salsaq, hansı problemləri görünür?

Kreativlik yönündən baxsaq, bu xətt bizdə elə də yüksək səviyyədə deyil. Niyə görə? Çünki hələ də bizim bəzi sənət adamları var ki, - özüm incəsənət sahəsindən gəldiyim üçün bu adamları yaxşı tanıyıram – onlar reklam çarxlarında çəkilməyi ayıb bilirlər. Onları qınamaq da olmur. Onlar bu tərbiyyəni görüblər. Görünür bunlara yaxşı bir ssenari də təklif olunmayıb. 
Mən kreativlik məsələsinə daha çox reklam videoçarxları üzərində baxıram. Çünki yaradıcılığın daha çox diqqət çəkən tərəfi burda nümayiş olunur. Küçə, qəzet, jurnal reklamında əsasən söz rol oynayır. Vizual tərəfdən isə reklam çarxları daha çox effektivdir. Bu problem bir çox ölkələrdə var.
O ki qaldı Türkiyədəki reklam çarxlarının diqqətçəkən olmasına, burada məsələ bir az fərqlidir. Məsələn Türkiyədə məşhur “Yeşilçam” filmləri çəkilirdi, keyfiyyəti olduqca aşağı olan bu filmlər haqqında rusca məşhur bir deyim də var idi. Təxminən bu mənaya gəlirdi: “Bir var Hind kinosu, bir var pis kino. Bir də var, türk kinosu”. Yəni pisdən də aşağı kino. Bu deyim 70-ci illərdə populyar olub. Həmin dönəmdə Sovet kinosu şedevrlər yaradırdı. Hətta Azərbaycanda da o dönəmdə yüksək səviyyəli filmlər çəkilirdi. İndi baxın türk filmlərinə. Zəif deyə bilərsinizmi?

Xeyr. Kann Film Festivalının qalibi olan film çəkdilər.

Bəli. İndi türklərin çəkdiyi seriallar ildə 2 milyard dollara yaxın pul qazandırır. Təxminən 10 il əvvəl isə bu seriallar 9-10 min dollar qazandırırdı. Baxın, Türkiyədə bu inkişaf peşəkar reklam çarxlarının çəkilişi ilə başladı. Artıq sifarişçilər filmlərə də tələbkar yanaşdılar. Rejissordan, ssenaristdən, aktyordan daha peşəkar, kreativ iş istədilər. Onlar da məcburiyyət qarşısında peşəkarlaşmağa başladı. Reklam çarxlarından kliplərə keçdilər, kliplərdən qısametrajlı filmlərə, daha sonra seriallara. Bu gün dünya səviyyəli filmlər çəkirlər. Artıq “Oskar”a namizəd filmləri var.

Reklamın inkişafı üçün konkret müddəa kimi nəyi vurğulaya bilərsiz?

Nümunə deyim, bizdə rejissorluğu, aktyorluğu bitirmiş yaradıcı uşaqlar var. Onların qarşısında tələb olmalıdır. Tələb olmadığı halda onlardan uğur ummaq bir az düzgün deyil. Sualınıza cavab olaraq deyim ki, reklamın inkişafı üçün ilk səbəb tələbdir. Ciddi, peşəkar sifarişçilər olmalıdır. Onların tələbkarlığı reklam sahəsinə təsir edən ən ciddi amillərdəndir. İkinci şərt isə bazarda aşıq və sağlam rəqabətdir. Mən bazar deyəndə təkcə ticarəti nəzərdə tutmuram. Ümumiyyətlə hər sahədə sağlam rəqabət uğurun rəhmidir.

Mənbə:Ədəbiyyat Qəzeti

Baxışların sayı: 195